Abdulla Şaiqin ev-muzeyi
9RGG+63P Abdulla Şaiq Yasamal
Böyuk Azərbaycan klassiki Abdulla Şaiqin Mənzil Muzeyinin binası 1905-ci ildə inşa olunub. 1916-cı ildə A.Şaiq anası və qardaşı ilə bərabər bu mənzilə köçərək ailə qurub və 1957-ci ilin dekabrına kimi burada yaşayıb yaradıb.
Hal-hazırda A.Şaiqin Mənzil Muzeyi ədibin adını daşıyan A.Şaiq küçəsi 21 saylı ünvanda yerləşir. Bu küçə əvvəllər Yuxarı Dağlıq küçəsi adlanırdı 1981-ci ildə A.Şaiqin 100 illiyi ilə əlaqədar küçəyə ədibin adı verilib.
Muzeyi A.Şaiqin böyük oğlu, məşhur ədəbiyyatşünas alim, Şaiq yaradıcılığının, irsinin təbliğatçısı, akademik Kamal Talıbzadə yaradıb. 1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılan bu muzey 1991-ci ilin dekabrında fəaliyyətə başlayıb və ədibin 120 illik yubileyi ərəfəsində, 2001-ci ilin yanvar ayında muzeyin ekspozisiyası açılıb.
Hal-hazırda muzey fond və ekspozisiya şöbələrindən ibarətdir.
Ekspozisiya 4 otaqdan ibarətdir. I otaq A.Şaiqin dünya şöhrətinə həsr olunub. II otaqda A.Şaiqin şəxsi həyatı, nəsil şəcərəsi, valideynləri, ailəsi və s. haqqında materiallar yerləşdirilib. III otaq şairin pedaqoji və dramaturji fəaliyyətindən bəhs edir. IV otaqda isə ədibin ictimai-siyasi fəaliyyəti haqqında məlumatlar, şəxsi əşyaları, kitabxanası, yazı masası və A.Şaiqin oğlu K.Talıbzadənin guşəsi öz əksini tapıb.
Muzeyin fondunda 8000-ə qədər eksponat qorunub saxlanılır. Bura A.Şaiq və onun ailəsinə məxsus xatirə əşyaları, kitablar, orijinal fotolar, əlyazmalar və sənədlər, teatrla bağlı materiallar, incəsənət əsərləri daxildir.
Muzeyin fəaliyyət dairəsı genişdir. Burada müxtəlıf yönlü tədbirlər keçirilir, səyyar sərgilər təşkil edilir, mühazirələr oxunur. Muzeyin fəaliyyəti televiziya, radio və mətbuatda geniş işıqlandırılır. Mütəmadi olaraq A.Şaiqə, K.Talıbzadəyə, Azərbaycanın digər görkəmlı şəxsiyyətlərinə həsr edilmiş veriliş və filmlərin çəkilişi aparılır.