Azerbaycan Milli Xalça Muzeyi
28 Mikayıl Hüseynov Prospekti Səbail
Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci iltarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır.
Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur.
Muzeyin yaranmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, “Azərbaycan xalçası” adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur.
Azərbaycan Milli Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak etmişdir. 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alınd.
1992-ci ildə Azərbaycan Milli Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürüldü. 1991-ci ildə SSRİ-nin süqutundan sonra prezident sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verildi və Muzey Mərkəzi adını aldı. Azərbaycanın müxtəlif regionlarından olan xalça və tətbiqi sənət nümunələrini sərgiləyən muzeyin ekspozisiyası binanın ikinci mərtəbəsində yerləşən 13 geniş zalda yerləşirdi.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və YUNESKO-nun birgə layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi.
Muzeyin 55 illik fəaliyyəti dövründə bir neçə rəhbəri olmuşdur. 1967-1982-ci illərdə əməkdar incəsənət xadimi Əziz Əliyev, 1982-2016-cı ilin 5 yanvar tarixinə kimi Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva muzeyin direktoru vəzifəsində çalışmışlar. 2 mart 2016-cı il tarixindən muzeyə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova rəhbərlik edir
İş saatları:
MUZEY KASSASININ İŞ VAXTI
Çərşənbə axşamı – Cümə: 10:00-18:00
Şənbə – Bazar: 11:00-19:00
EKSPOZİSİYANIN İŞ VAXTI
Çərşənbə axşamı – Cümə: 10:00-19:00
Şənbə – Bazar: 11:00-20:00
ZƏRGƏRLİK FONDU
Çərşənbə axşamı, Cümə axşamı: 10:00-16:00
Şənbə: 11:00-16:00
İstirahət günü: Bazar ertəsi
Bilet qiymətləri
Yerli vətəndaşlar üçün – 7 AZN; tur paket (10 nəfərdən artıq tamaşaçı) – 5 AZN;
Əcnəbi vətəndaşlar üçün – 10 AZN; tur paket (10 nəfərdən artıq tamaşaçı) – 7 AZN;
Məktəbli və tələbələr üçün – 3 AZN;
Sərgi salonu – 3 AZN;
Zərgərlik fondu – 3 AZN;
Bələdçi xidməti
Bələdçi xidməti (Azərbaycan, ərəb, ingilis və rus dillərində) – 12 AZN; tur paket (10 nəfərdən artıq tamaşaçı) – 15 AZN; məktəbli və tələbələr üçün – 5 AZN;
Audiogid (Azərbaycan, ingilis, fransız, ərəb, rus, Ukrayna dillərində) – 5 AZN;
Planşet (Azərbaycan, ingilis, fransız, ərəb, rus, Ukrayna dillərində) – 10 AZN;
Digər xidmətlər
Xalçaların yüksək keyfiyyətdə fotosu (1 eksponat) – 50 AZN;
Muzeydə video və ya foto çəkiliş (muzey rəhbərliyi ilə öncədən razılaşdırmaq şərti ilə) – 1 saat / 150 AZN;
Milli geyimdə foto çəkiliş (1 ədəd) – 15 AZN;
Xalçatoxuma üzrə dərnək (8 dərs) – 50 AZN.
Azərbaycan Milli Xalça Muzeyinə ödənişsiz daxil olan ziyarətçilərin siyahısı
(müvafiq sənəd təqdim etmək şərtilə)
- I, II qrup əlillər / Əlil arabası ilə hərəkət edən qonağı müşayiət edən şəxs (1 nəfər)
- Yerli təqaüdçülər
- Muzey işçiləri
- Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvləri
- İctimai birlik üzvləri (toxucular, rəssamlar, dizaynerlər)
- Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə və müəllimləri
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimləri
- Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və müəllimləri
- İncəsənət yönümlü orta ixtisas təhsil ocaqlarının tələbə və müəllimləri
- İnternat məktəbinin şagirdləri
- Məktəbəqədər təhsil müəssisələrinin uşaq və müəllimləri
- Əmək və müharibə veteranları
- Məcburi köçkünlər
- Əsgərlər