Bakı Dövlət Universiteti

materialicons-sharp-854 23 Akademik Zahid Xəlilov küçəsi Yasamal

materialicons-sharp-820 Google xəritə

Waze

1897-ci ilin sentyabr ayında Kiyev və Varşavada politexnikum açıldıqdan sonra, belə bir təhsil müəssisəsinin Zaqafqaziyada da açılması sahəsində danışıqlar başlanmışdı. Tiflisdə politexnikum açılması və ali məktəbin təşkilinə ianə toplanılması üçün Qafqaz canişinliyi nəzdində xüsusi Baş Komitə yaradıldı. Bu məsələ də xeyli müddət uzadıldı.

7 may 1910-cu ildə Xüsusi Baş Komitənin sədri məktubla Bakı, İrəvan, Yelizavetpol, Poti, Batum, Qroznı və b. şəhər dumalarına müraciət edərək, Tiflisdə Qafqaz Universitetinin açılması və hər il onun xərclərinin ödənilməsi üçün kömək göstərilməsi barədə xahiş etdi. Tiflisdə "Rus universiteti"ni açmaq üçün yerli Ali qadın kurslarının professorlarından ibarət komissiya yaradılır. Bu komissiyaya alim, cərrah və pedaqoq, üç universitetin — Saratov (1909), Tiflis (1918) və Bakı (1919) universitetlərinin yaradılmasında mühüm rol oynamış professor Vasili İvanoviç Razumovski (1857–1935) başçılıq edirdi. Komissiya universitetin layihə və smetasını hazırlayıb Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin müzakirəsinə verdi.

Sonrakı hadisələri V.İ.Razumovski belə xatırlayırdı: "İşimiz qurtarana yaxın Qafqaz Zaqafqaziya Demokratik Federativ Respublikası kimi Rusiyadan ayrıldı və gürcülərdən, ermənilərdən və türklərdən ibarət qarışıq hökumət təşkil edildi. Xalq Maarif Naziri Fətəli xan Xoyski idi. Biz Tiflisdə rus universitetinin təşkili üçün apardığımız işdən istifadə etməyi həmin hökumətə təklif etdik. Nazir bizi dinlədi, Qafqazda rus universitetinin təsis edilməsinə rəğbətini bildirdi, lakin əlavə edib dedi: "Bəs niyə Tiflisdə? Tiflisdə Politexnikum var, indi də gürcü universiteti?.. Bəlkə universiteti Bakıda açmaq daha düzgün olardı?" O, bizim məlumat məktublarımızı nəzərdən keçirmək üçün götürdü və bizim məqsədimiz barədə Nazirlər Şurasına məlumat verəcəyini vəd etdi".
Təəssüf ki, o dövrdə yaranmış daxili və xarici vəziyyətlə bağlı Zaqafqaziya hökuməti bu məsələyə baxmağa imkan tapmadı. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin öz fəaliyyətini dayandırması nəticəsində üç müstəqil respublika — Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları yaradıldı.
Bakı Dövlət Universiteti 1919-cu il 1 sentyabrda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir.

Tiflisdə fəaliyyət göstərən Ali qadın kursları 1918-ci ilin iyulunda üç fakültədən — təbiət, tarix-filologiya və tibb fakültələrindən ibarət olan Zaqafqaziya Universitetinə çevrildi. Professor V. İ. Razumovski tədrisin rus dilində aparıldığı bu universitetin rektoru vəzifəsinə seçildi. Universitetin rəhbərliyi sonrakı illərdə Yekaterindorf, İrəvan və ya Bakıda fəaliyyət göstərə bilməsi üçün danışıqlara başlayır. Belə bir vaxtda Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakı şəhərində universitetin açılmasına böyük əhəmiyyət verirdi.

Azərbaycan hökuməti universitetin açılması üçün hər il 5 milyon, kənd təsərrüfatı institutu üçün isə 500 min rubl vəd edir. Bundan başqa, universitet kitabxanası üçün 300 min rubl, universitetə tam yararlı klinika və avadanlıqla yaxşı təmin edilmiş xəstəxana və s. verməyi də öhdəsinə götürür. Universitet şurasının iclasında ermənilər bunun əleyhinə olsalar da, çoxluq universitetin Bakıya köçürülməsi təklifini müdafiə edir.

1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ilk universitetin açılması haqqında qanun qəbul etdi. "Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında" adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri.

Qanunun onuncu maddəsində deyilirdi ki, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunur.

İctimaiyyətin narahatlığını nəzərə alaraq qanunun II maddəsinin 2-ci bəndində qeyd edilirdi ki, bütün fakültələrdə türk dili məcburi fəndir. Azərbaycan hökuməti universitet komissiyasının tövsiyəsini, Xalq Maarif Nazirliyinin təqdimatını nəzərə alaraq, 1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektoru və dekanlarının təsdiqi haqqında qərar qəbul edir. Qərarda operativ cərrahiyyə kafedrasının əməkdar professoru V. İ. Razumovskinin rektor, patoloji anatomiya kafedrasının professoru İ. İ. Şirokoqorovun, o olmadığı dövrdə isə müvəqqəti olaraq professor A. M. Levinin tibb fakültəsinin, tarixçi, publisist, ümumi tarix kafedrasının dosenti N. A. Dubrovskinin tarix-filologiya fakültəsinin dekanı təyin olunduğu göstərilir. İlk tədris ilində universitetə ştat üzrə lazım olan 104 nəfər, o cümlədən 43 professor və privat dosent cəlb etmək mümkün olmuşdu.
Adının tarixi 
1919 − 1920 — Bakı Universiteti
1920 − 1991 — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti
1991–2000[1] — M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti
2000 — indiyədək — Bakı Dövlət Universiteti
Tərkibində 4 institut, 16 fakültə fəaliyyət göstərir. Əvvəllər 2 filialı olsa da, hal-hazırda 1 filialı vardır. 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyaları var.Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman — sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var