Bakı Musiqi Akademiyası
23 Azərbaycan Prospekti Nəsimi
Bakı Musiqi Akademiyası
Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyası (1995-ci ilə qədər Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası) 1921-ci ildə yaradılmışdır. Respublikamızın qocaman ali təhsil ocaqlarından olan konservatoriyanın təşkilində dahi bəstəkar Ü. Hacıbəyovun böyük xidmətləri olmuşdur. 20-ci illərdə konservatoriyanın 6 şöbəsi var idi: fortepiano, vokal, orkestr, nəzəriyyə, bəstəkarlıq və şərq şöbəsi 1930–1970-ci illərdə
Konservatoriyada əsas baza kafedraları tam şəkildə formalaşmışdı: ixtisas fortepiano, azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi, simli alətlər, nəfəs və zərb alətləri, vokal, bəstəkarlıq, musiqi tarixi, musiqi nəzəriyyəsi, xor dirijorluğu, xalq çalğı alətləri, kamera ansamblı. Azərbaycan musiqi mədəniyyətinin inkişafında BMA-nın müstəsna rolu vardır. Müxtəlif illərdə akademiyada tanınmış musiqiçilər, bəstəkarlar, pedaqoqlar – Ü. Hacıbəyov, Bülbül, Ş. Məmmədova, B. Karaqiçeva, Q. Şaroyev, L. Rudolf, L. Rastrapoviç, Q. Qarayev, S. Hacıbəyov, C. Cahangirov, S. Rüstəmov, P. Brener, R. Atakişiyev, E. Səfərova və b. işləmişdir.
Hal-hazırda akademiyanın müəllimləri arasında C. Hacıyev, A. Məlikov, T. Quliyev, X. Qasımova, S. Ələsgərov, X. Mirzəzadə, F. Bədəlbəyli, V. Adıgözəlov, A. Rzayev, A. Babayev, R. Quliyev və başqa görkəmli musiqiçilər fəaliyyət göstərir. Hal-hazırda BMA-da 19 kafedranı birləşdirən 4 fakültə mövcuddur: fortepiano, ifaçılıq, tarix və nəzəriyyə, İAF. Təhsil Azərbaycan və rus dillərindədir.
Bakı Musiqi Akademiyasının hollu
BMA-nın nəzdində opera studiyası, onbirillik məktəb-studiya, kitabxana, səsyazma kabineti, tələbə elmi cəmiyyəti, iki elmi laboratoriya ("Qədim musiqi alətlərinin bərpası və təkmilləşməsi" və "Şifahi ənənəli Azərbaycan musiqisinin tədqiqi problemləri"), aspirantura şöbəsi, ixtisasartırma fakültəsi vardır. 1991-ci ildən BMA-nın Şuşa filialı fəaliyyət göstərir. Akademiyada hal-hazırda 315 müəllim, o cümlədən 7 elmlər doktoru, 49 professor, 52 dosent, 58 elmlər namizədi işləyir. BMA-da Mülki Müdafiə kursu fəaliyyət göstərir. BMA zəmanəmizin bir çox ali musiqi təhsili ocaqları ilə səmərəli əlaqələr yaratmışdır. BMA-nın məzunları təyinatla Mədəniyyət və Təhsil Nazirliyi sisteminə göndərilir.
26 may 2021-ci il Azərbaycan Respublikası Prezidenti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanmışdır